Feed və OTA

Google Merchant Center: məhsul feed-i və ən çox rast gəlinən xətalar

item_id uyğunsuzluğu, boş availability və rədd səbəblərinin təmizlənməsi. Feed niyə qəbul edilmir və necə düzəldilir.

2 avqust 2026-da yeniləndi12 dəq oxuma

Feed yükləndi, Merchant Center hesabı yaşıl göründü, Shopping kampaniyası işə salındı. Bir həftə sonra sual gəlir: "Niyə bəzi məhsullarımız görünmür?"

Cavab demək olar həmişə eynidir. Feed qəbul edilib, amma məhsulların bir hissəsi rədd olunub. Merchant Center bunu ana ekranda böyük hərflərlə yazmır, "Diagnostics" bölməsində kiçik bir rəqəm kimi göstərir.

Bu yazı feed-in hansı sahələri tələb etdiyini, ən çox rast gəlinən səkkiz xətanı və hər birinin necə düzəldiləcəyini göstərir.

Feed nədir və nə üçün lazımdır

Feed məhsullarınızın siyahısıdır: hər sətir bir məhsul, hər sütun o məhsulun bir xüsusiyyəti. Google bu siyahını oxuyur və Shopping reklamlarında, Performance Max kampaniyalarında, dinamik remarketinqdə istifadə edir.

Feed olmadan yalnız mətn reklamı verə bilərsiniz. Yəni istifadəçi "qadın dəri çanta" axtaranda şəkil, qiymət və mağaza adı ilə görünən nəticələrdə yer almırsınız.

Tələb olunan sahələr

Bunlarsız məhsul qəbul edilmir:

SahəNə yazılır
idUnikal məhsul kodu. Dəyişməməlidir
titleMəhsul adı, maksimum 150 simvol
descriptionTəsvir, maksimum 5000 simvol
linkMəhsul səhifəsinin tam ünvanı
image_linkƏsas şəkil, minimum 100×100 piksel
availabilityin_stock, out_of_stock, preorder
priceQiymət və valyuta: 249.00 AZN
brandBrend adı
gtin və ya mpnBeynəlxalq məhsul kodu
conditionnew, refurbished, used

Bunlar tövsiyə olunur və nəticəyə ciddi təsir edir: google_product_category, product_type, sale_price, shipping, item_group_id, color, size, material.

id sahəsi məhsulun ömrü boyu dəyişməməlidir. Sistemi yeniləyəndə id dəyərləri dəyişirsə Google bütün məhsulları yeni sayır və toplanmış performans tarixçəsi sıfırlanır. Bu, ən bahalı və ən gec fərq edilən səhvlərdən biridir.

id sahəsi eyni zamanda ölçmə ilə bağlıdır

Feed-dəki id ilə saytınızın dataLayer göndərdiyi item_id hərfbəhərf eyni olmalıdır. Fərqli olanda üç şey pozulur:

  • Dinamik remarketinq işləmir, çünki Google baxılan məhsulu feed-də tapa bilmir.
  • Shopping kampaniyalarında konversiya məhsula bağlanmır.
  • GA4-dəki məhsul hesabatı ilə Merchant Center-dəki məhsul siyahısı uyğun gəlmir.

Bu, feed işi ilə ölçmə işinin niyə eyni əldən çıxması lazım olduğunun ən sadə izahıdır. İki komanda ayrı işləyəndə birinci SKU-4471 yazır, ikinci sku4471 yazır və heç kim bunu aylarla görmür.

Feed-i necə yaradırsınız: üç üsul

Feed-in özünü Merchant Center-ə çatdırmağın üç yolu var və seçim gündəlik işi ciddi şəkildə dəyişir.

Platforma əlavəsi. Shopify, WooCommerce və oxşar platformalarda hazır modul var. Ən sürətli başlanğıcdır, amma sahə xəritələməsi məhduddur. Xüsusi sahələriniz varsa modul onları çıxara bilməyə bilər.

Planlanmış götürmə (scheduled fetch). Siz saytınızda bir XML və ya CSV fayl saxlayırsınız, Google onu təyin etdiyiniz vaxtda özü götürür. Ən geniş istifadə olunan üsuldur. Gündə bir dəfədən dörd dəfəyə qədər yenilənə bilər.

Content API. Məhsul dəyişən kimi Google-a birbaşa bildirilir. Ən sürətli və ən dəqiq üsuldur. Qiymət və stok tez-tez dəyişən mağazalar üçün, xüsusən otel və avtomobil kirayəsi kimi müsaidliyin saatlıq dəyişdiyi sahələr üçün praktik olaraq yeganə düzgün seçimdir.

ÜsulYenilənmə tezliyiQurulum çətinliyi
Platforma əlavəsiPlatformadan asılıAşağı
Planlanmış götürməGündə 1 ilə 4 dəfəOrta
Content APIDərhalYüksək

Endirim kampaniyası keçirirsinizsə gündə bir dəfə yenilənən feed problem yaradır: qiymət saytda dəyişir, feed-də saatlarla köhnə qalır və Google uyğunsuzluğa görə məhsulu dayandırır.

Ən çox rast gəlinən səkkiz xəta

1. availability boş və ya səhv

Ən geniş yayılmış rədd səbəbi. Sistemdə "stokda var" sahəsi varsa da, feed-ə köçürülməyibsə məhsul rədd olunur.

Həll: sahəni xəritələyin. Stok sayı sıfırdan böyükdürsə in_stock, deyilsə out_of_stock.

2. Qiymət uyğunsuzluğu

Google feed-dəki qiyməti məhsul səhifəsindəki qiymətlə tutuşdurur. Fərq varsa məhsul dayandırılır. Endirim başlayanda feed saatlarla köhnə qiyməti göstərməyə davam edirsə bu, kütləvi rəddə səbəb olur.

Həll: feed-i ən azı saatda bir dəfə yeniləyin. Endirim sale_price sahəsində göstərilir, price sahəsi əsas qiymət olaraq qalır.

3. shipping qurulmayıb

Azərbaycanda çatdırılma qiyməti Merchant Center hesabında ölkə səviyyəsində təyin edilə bilər. Feed-də sahə boş olsa da hesab ayarlarında qurulubsa problem yoxdur. İkisi də boşdursa məhsul görünmür.

4. GTIN yoxdur və ya uydurulub

GTIN beynəlxalq məhsul kodudur (barkod). Brend məhsulu satırsınızsa məcburidir. Öz istehsalınızdırsa identifier_exists: no yazılır və brand ilə mpn verilir.

Uydurma GTIN yazmayın. Google bazasında yoxlanır və uyğunsuzluq hesabın dayandırılmasına qədər gedə bilir.

5. Şəkil keyfiyyəti

Şəkildə su nişanı, mətn, çərçivə və ya reklam yazısı olmamalıdır. Ağ fon tövsiyə olunur. Minimum ölçü 100×100 pikseldir, amma praktikada 800×800-dən kiçik şəkillər zəif nəticə verir.

6. Sayt təsdiqlənməyib

Merchant Center domenin sizə aid olduğunu təsdiq etməyi tələb edir. Təsdiqlənməmiş hesabda bütün məhsullar gözləmədə qalır. Təsdiq üsulları: HTML fayl, meta teq, Google Analytics və ya Google Tag Manager.

GTM konteyneriniz artıq varsa bu, ən sürətli üsuldur.

7. Valyuta

Qiymət valyutası hesabın hədəf ölkəsi ilə uyğun gəlməlidir. Azərbaycan üçün AZN. Beynəlxalq satış varsa hər ölkə üçün ayrı feed və ya price sahəsində düzgün valyuta lazımdır.

8. Kateqoriya

google_product_category Google-un öz kateqoriya ağacından seçilir. Səhv kateqoriya məhsulu yanlış axtarışlara çıxarır və konversiya nisbətini aşağı salır. Bu, rədd səbəbi deyil, amma büdcə itkisidir.

Diaqnostika ekranında nə görürsünüz

MERCHANT CENTER · DİAQNOSTİKAson 30 gün
  • Aktiv məhsullar972
  • gtin1 284 / 1 284
  • brand1 284 / 1 284
  • price1 284 / 1 284
  • availability312 boş
  • shipping1 284 boş

Bu ekranda "Aktiv məhsullar" rəqəmi ilə yüklədiyiniz məhsul sayı arasında fərq varsa aşağıdakı sətirlərə baxın. Rədd səbəbləri orada göstərilir.

Sahə xəritələməsi

İşin böyük hissəsi sizin sistemdəki sahələrin Google-un gözlədiyi sahələrə çevrilməsidir. Adlar uyğun gəlmir, formatlar fərqlidir.

FEED XƏRİTƏLƏMƏSİ1 284 məhsul
  • urun_koduid
  • basliktitle
  • markabrand
  • fiyatprice
  • barkodgtin
  • stok_durumuavailabilitysahə boş gəlir, 312 məhsul rədd edilib
  • yoxdurshippingnə feed-də, nə hesab ayarlarında təyin edilib
  • sahə uyğunlaşıb
  • sahə boş və ya təyin edilməyib

Sağ sütunda qarşılığı olmayan hər sahə bir rədd səbəbidir. Bir sahə bir neçə yüz məhsulu tutursa problem məhsulda deyil, xəritələmədədir.

Eyni cədvəldə id sətrinə ayrıca diqqət yetirin: o dəyər həm Google-a, həm də saytınızın dataLayer-inə eyni şəkildə getməlidir. Bir tərəfdə SKU-4471, digər tərəfdə sku4471 yazılırsa dinamik remarketinq qurulmur və heç kim bunu aylarla fərq etmir.

Otel və avtomobil kirayəsi üçün feed başqa cür işləyir

Merchant Center məhsul üçündür. Xidmət satırsınızsa fərqli feed növləri var və onları qarışdırmaq geniş yayılmış səhvdir.

Otel. Google Hotel Center istifadə olunur. İki ayrı feed lazımdır: otel məlumatı (ad, ünvan, koordinat, şəkil) və qiymət feed-i (tarix, otaq tipi, gecə sayı, müsaidlik). Qiymət feed-i real vaxtda və ya tez-tez yenilənməlidir, çünki müsaidlik saatlıq dəyişir. Addım-addım qurulum: Otelinizi Google Hotels-ə necə əlavə etməli.

Avtomobil kirayəsi. Standart Merchant Center feed-i uyğun gəlmir. Kampaniyalar adətən dinamik remarketinq və xüsusi kitlə strukturu ilə qurulur. Burada rental_daysone_way kimi parametrlər həm qiymətə, həm ölçməyə təsir edir. Sahə xəritələməsi və müsaidlik sinxronizasiyası ayrıca yazıda: Avtomobil filonuzu Booking və oxşar platformalara necə əlavə edirsiniz.

Hər iki halda eyni qayda işləyir: feed-dəki identifikator ilə saytın göndərdiyi hadisə identifikatoru eyni olmalıdır. Otelin room_type dəyəri feed-də və dataLayer-də fərqli yazılırsa əlaqə qopur.

Rədd və xəbərdarlıq: ikisi fərqlidir

Diaqnostika ekranında iki növ problem göstərilir və çoxu bunları qarışdırır.

Rədd (Disapproved). Məhsul heç bir kampaniyada görünmür. Tələb olunan sahə boşdursa, qiymət uyğun gəlmirsə və ya siyasət pozuntusu varsa belə olur. Dərhal həll edilməlidir.

Xəbərdarlıq (Warning). Məhsul görünür, amma nəticəsi zəif olacaq. GTIN yoxdursa, şəkil kiçikdirsə, kateqoriya seçilməyibsə xəbərdarlıq verilir. Təcili deyil, amma yığılanda performansı aşağı salır.

Ana ekranda yaşıl rəng görmək hər şeyin qaydasında olduğu demək deyil. Hesab sağlam, məhsulların dörddə biri rədd olunmuş ola bilər.

Başlıq və təsvir: rədd deyil, amma nəticəni müəyyən edir

Feed qəbul edildikdən sonra performansı ən çox təsir edən sahə title-dır. Google onu axtarış sorğusu ilə tutuşdurur, ona görə başlıq kataloq adı yox, axtarış dili ilə yazılmalıdır.

İşləyən quruluş:

Brend + Məhsul növü + Əsas xüsusiyyət + Ölçü və ya rəng

Zəif: SKU-4471 Çanta Güclü: Brend adı qadın dəri çanta, qara, orta ölçü

İlk 70 simvol ən vacibdir, çünki əksər yerlərdə qalanı kəsilir. Ən vacib sözü başa yazın.

Təsvirdə isə axtarış sorğusunun yox, məhsulun izahı olur: material, ölçü, istifadə. Açar söz doldurmaq işə yaramır və siyasət pozuntusu sayıla bilər.

Azərbaycanda əlavə bir məqam var: eyni məhsul həm azərbaycanca, həm rusca axtarılır. Feed bir dildədirsə digər dildəki sorğularda görünmə şansınız azalır. Çox dilli mağazalarda hər dil üçün ayrı feed və ayrı hədəf ölkə qurulur.

Yoxlama qaydası

Feed bir dəfə qurulub unudulacaq bir şey deyil. Həftəlik iş:

  1. Merchant Center "Diagnostics" bölməsinə girin.
  2. Aktiv məhsul sayını yüklənmiş məhsul sayı ilə tutuşdurun.
  3. Rədd səbəblərinə baxın, ən çox təkrarlanandan başlayın.
  4. Bir səbəb bir neçə yüz məhsulu tutursa problem məhsulda deyil, xəritələmədədir.
  5. Düzəlişdən sonra feed-in yenilənməsini gözləyin, dərhal yoxlamayın.

Merchant Center ana səhifəsi məhsulların bir hissəsi rədd olunanda da yaşıl görünə bilər. Hesabın sağlam görünməsi bütün məhsulların aktiv olduğu demək deyil. Yalnız diaqnostika ekranındakı rəqəm doğru cavab verir.

Nə etməli

  1. Tələb olunan sahələrin siyahısını çıxarın və sisteminizdəki qarşılıqlarını tapın.
  2. id dəyərini sabitləyin və dataLayer-dəki item_id ilə eyniləşdirin.
  3. availabilityprice sahələrini saatlıq sinxronizasiyaya bağlayın.
  4. Saytı Merchant Center-də təsdiqləyin, GTM ilə ən sürətlidir.
  5. Diaqnostikanı həftəlik yoxlayın, aylıq deyil.
  6. Otel və ya avtomobil kirayəsindəsinizsə düzgün feed növünü seçin.
Pulsuz audit

Qurulumunuzu 48 saat ərzində yoxlayaq.

Hesaba giriş tələb olunmur. Sayt ünvanı və qısa məlumat kifayətdir, qalanını biz yoxlayırıq.

  1. 01AuditMövcud qurulum 12 maddə üzrə yoxlanır.
  2. 02Audit hesabatı12 maddəlik yoxlamanın nəticəsi: nə işləyir, nə işləmir, hansı sıra ilə düzəldilməli.
  3. 03Söhbət30 dəqiqəlik zəng, sual-cavab. Öhdəlik yoxdur.
  4. 04Qərarİşləmək istəsəniz plan çıxarırıq. İstəməsəniz audit hesabatı sizdə qalır.
  • 12 maddəlik yoxlama
  • 48 saat ərzində
  • Öhdəlik yoxdur

Audit tələbi

Göndərməklə məxfilik siyasətini qəbul etmiş olursunuz. Hesab girişi bu mərhələdə tələb olunmur.