Ölçmə və tracking

Consent Mode v2 nədir və saytınıza necə qurulur

Razılıq verilməyəndə datanın nə olduğu, modelləşdirmənin necə işlədiyi və qurulumun addım-addım yoxlanması.

2 avqust 2026-da yeniləndi11 dəq oxuma

Səhnə tanışdır. Sayta kuki banner-i qoyulur, çünki "lazımdır" deyilib. Ertəsi gün GA4-ə baxılır və ziyarətçi sayı düşüb. Bir həftə sonra Google Ads-də konversiyalar azalıb. Reklam büdcəsi eynidir, satış eynidir, amma hesabatlar başqa bir şirkəti göstərir kimidir.

Səbəb odur ki, banner qoyulub, Consent Mode qurulmayıb. Bu ikisi eyni şey deyil. Banner istifadəçidən soruşur. Consent Mode cavabı Google-a çatdırır. İkincisi yoxdursa Google heç nə eşitmir və ölçmə sadəcə susur.

Consent Mode Google məhsullarına (GA4, Google Ads, Floodlight) istifadəçinin nəyə razılıq verdiyini bildirən siqnal sistemidir. Teqləri tamamilə dayandırmaq əvəzinə onlara "bu istifadəçidə kuki yaza bilməzsən, amma adsız siqnal göndərə bilərsən" deyir.

Fərq buradadır. Razılıq olmadan teqi tamamilə bloklayanda Google heç nə görmür. Consent Mode qurulanda Google kukisiz, şəxsiyyəti müəyyən etməyən bir siqnal alır və bu siqnalları statistik olaraq modelləşdirir. Nəticədə hesabatda boşluq qalmır.

v1 və v2 arasındakı fərq

Consent Mode 2020-ci ildən var. 2024-cü ildə v2 gəldi və iki yeni parametr əlavə olundu. Avropa İqtisadi Zonasına reklam göstərən hesablar üçün bu, məcburidir: v2 siqnalları olmadan remarketinq kitlələri və Customer Match işləmir.

Dörd siqnal var:

SiqnalNəyə icazə verir
analytics_storageGA4-ün analitik kuki yazması
ad_storageReklam kukisi, konversiya ölçməsi
ad_user_dataİstifadəçi datasının reklam məqsədi ilə Google-a göndərilməsi
ad_personalizationŞəxsiləşdirilmiş reklam və remarketinq

Son ikisi v2 ilə gəldi. Banner-iniz yalnız analytics_storagead_storage göndərirsə qurulum yarımçıqdır.

Basic və Advanced: bu seçim hər şeyi dəyişir

İki tətbiq üsulu var və aralarındakı fərq çoxlarının gözündən qaçır.

BasicAdvanced
Teqlər nə vaxt yüklənirYalnız razılıqdan sonraSəhifə açılan kimi, razılıqsız rejimdə
Razılıq verilməyəndəHeç bir siqnal getmirKukisiz, adsız siqnal gedir
ModelləşdirməZəif işləyirTam işləyir
Qurulum çətinliyiSadəBir az əlavə iş

Advanced rejimi seçin. Basic rejimdə imtina edən istifadəçi Google üçün heç vaxt mövcud olmayıb sayılır. Advanced rejimdə həmin istifadəçinin davranışı adsız şəkildə qeyd olunur və Google onu modelləşdirmədə istifadə edir.

Modelləşdirmə avtomatik işə düşmür. Google minimum həcm tələb edir: hesabda kifayət qədər gündəlik trafik və razılıq verən istifadəçi olmalıdır. Kiçik saytlarda modelləşdirmə aylarla aktivləşməyə bilər. Bu, qurulumun səhv olduğu demək deyil.

Qurulum: üç addım

Addım 1 və 2: default və update

Razılıq siqnalı iki anda göndərilir və ikisi də lazımdır. Aşağıdakı blokda açarı çevirin: eyni qurulumun səhifə açılan andakı və istifadəçi cavab verəndən sonrakı halını görəcəksiniz.

CONSENT KODUbanner cavab verəndəİstifadəçi razılıq verdi
gtag('consent', 'update', {
  ad_storage: 'granted',
  ad_user_data: 'granted',
  ad_personalization: 'granted',
  analytics_storage: 'granted'
})

Banner-də qəbul ediləndə göndərilir. İmtina halında eyni kod denied dəyərləri ilə göndərilir.

Default kod GTM konteynerindən əvvəl işə düşməlidir. Səhifədə ilk yüklənən skript o olmalıdır. Sonra qoysanız teqlər razılıq statusunu bilmədən işə düşür və qurulum mənasını itirir.

wait_for_update: 500 teqlərə "yarım saniyə gözlə, razılıq statusu gələ bilər" deyir. Bu olmasa teqlər defolt statusla işə düşür və istifadəçi "qəbul et" düyməsinə basanda artıq gec olur.

Bütün dəyərlər denied ilə başlayır. Bu, təsadüfi deyil: razılıq verilməyibsə default granted olmamalıdır.

Kateqoriya seçimi varsa hər kateqoriya öz siqnalını idarə edir: analitika qəbul edilib, marketinq rədd edilibsə analytics_storage: 'granted'ad_storage: 'denied' gedir.

Seçim brauzerdə saxlanır ki, istifadəçi hər səhifədə yenidən sorulmasın. Növbəti ziyarətdə default çağırışı saxlanmış dəyərlə göndərilir.

Addım 3: GTM tərəfini uyğunlaşdırın

GTM-də "Admin", sonra "Consent Settings" bölməsinə girin. Hər teqin hansı razılığı tələb etdiyini burada təyin edirsiniz.

Google-un öz teqləri (GA4, Ads) Consent Mode-u avtomatik tanıyır. Üçüncü tərəf teqləri tanımır: Meta Pixel, HubSpot, Hotjar kimi teqlərə əl ilə razılıq şərti qoyulmalıdır.

GTM · CONSENT OVERVIEW5 teq
  • GA4 Configurationbuilt-in consent
  • GA4 · purchasebuilt-in consent
  • Google Ads Conversionbuilt-in consent
  • Meta Pixelconsent tələbi qoyulmayıb
  • HubSpot Formsconsent tələbi qoyulmayıb

Yuxarıdakı iki sətir ən geniş yayılmış boşluqdur. Google teqləri qaydasında işləyir, üçüncü tərəf skriptləri isə imtina edən istifadəçidə də yüklənməyə davam edir. Bu, həm hüquqi problem, həm də etibar məsələsidir.

Razılıq verilməyəndə nə olur

Aşağıdakı diaqramda eyni ziyarətçinin iki halı var. Açarı bağlayın: Consent Mode qurulmayanda axının harada kəsildiyini görəcəksiniz.

BANNER CAVABINDAN SONRAConsent Mode v2 quruludur
Ziyarətçi banner-də seçim edir
Qəbul et
  1. ad_storage: granted
  2. kuki yazılır
  3. tam ölçmə
Hadisə tam parametrlərlə gedir
İmtina et
  1. ad_storage: denied
  2. kuki yazılmır
  3. kukisiz siqnal gedir
Modelləşdirmə boşluğu doldurur
  • yol açıqdır
  • yol bağlıdır

Hər iki yol açıqdır. İmtina edən ziyarətçi də kukisiz siqnal göndərir və modelləşdirməyə düşür.

Diqqət yetirin: hər iki halda qəbul edən ziyarətçi eyni cür ölçülür. Fərq imtina edən ziyarətçidədir və o, adətən trafikin böyük hissəsidir.

Texniki qurulum düzgün olsa da banner səhv dizayn edilibsə problem həll olunmur.

  • "Qəbul et" və "İmtina et" eyni ölçüdə, eyni pontoda, eyni vizual ağırlıqda olur. Rədd düyməsini solğunlaşdırmaq və ya kiçik mətn linkinə çevirmək qaranlıq nümunədir və tənzimləməyə ziddir.
  • Banner ekranı tamamilə örtən modal deyil, altda incə zolaq olur.
  • Üçüncü seçim kimi "Ayarlar" verilir və orada kateqoriya seçimi olur.
  • Razılıq verilməyibsə teqlər həqiqətən yüklənmir. Bunu yoxlamaq lazımdır, çünki bir çox banner həlli "rədd" düyməsində sadəcə banner-i bağlayır.

Bu saytın öz banner-i məhz bu qaydalara görə qurulub və yoxlaya bilərsiniz. Cavab verməmişkən brauzerin Network bölməsində GTM konteyneri ümumiyyətlə görünmür, kuki də yazılmır.

«İmtina et» seçəndən sonra konteyner yüklənir, amma bu qəsdəndir: Consent Mode v2-nin kukisiz siqnalı məhz konteyner üzərindən gedir və modelləşdirmə ona bağlıdır. Yoxlama meyarı konteynerin yüklənib yüklənməməsi deyil, kukinin yazılıb yazılmaması. Application bölməsinə baxın: imtinadan sonra bir dənə də Google kukisi (_ga, _gcl_au, IDE) olmamalıdır.

Bu, Azərbaycandakı sayta lazımdırmı

Sual haqlıdır, çünki Consent Mode ilk növbədə Avropa qanunvericiliyi üçün yaradılıb. Cavab hədəf auditoriyanızdan asılıdır.

Yalnız Azərbaycan daxilində satırsınızsa hüquqi tələb yoxdur. Buna baxmayaraq qurulum faydalıdır: brauzerlərin kuki məhdudiyyətləri ildən-ilə sərtləşir və Consent Mode olmayan qurulum getdikcə daha çox data itirir.

Avropa İqtisadi Zonasına və ya Böyük Britaniyaya reklam göstərirsinizsə məcburidir. Consent Mode v2 siqnalları olmadan həmin ölkələrdə remarketinq kitlələri dolmur və Customer Match işləmir. Google bunu 2024-cü ildən tətbiq edir.

Turizm sahəsindəsinizsə demək olar həmişə birinci qrupa deyil, ikinciyə düşürsünüz. Otel və avtomobil kirayəsi biznesinin müştəriləri çox vaxt xaricdən gəlir və reklam onlara göstərilir.

Razılıq nisbəti nə qədər olmalıdır

Real rəqəm sahəyə, ölkəyə və banner dizaynına görə dəyişir, ona görə "normal budur" deyən universal bir rəqəm yoxdur. Amma bir neçə qayda işləyir:

  • Banner nə qədər aydın və qısadırsa, qəbul nisbəti bir o qədər yüksəkdir. Uzun hüquqi mətn insanları qorxudur.
  • Nəyə razılıq istədiyinizi bir cümlə ilə izah edin. "Kukilərdən istifadə edirik" kifayət deyil, "ölçmə üçün" daha yaxşıdır.
  • Yüz faiz qəbul hədəf deyil. Rədd düyməsini gizlədərək nisbəti qaldırmaq qısa müddətdə işləyir, sonra etibar itirir və tənzimləyici problem yaradır.

Consent Mode-un mənası da elə budur: rədd nisbəti nə olursa olsun, ölçmə tamamilə susmur.

Hazır kuki banner həlləri (CMP) çoxdur və hamısı eyni deyil. Seçərkən üç şeyi yoxlayın:

Consent Mode v2 dəstəkləyirmi. Bəzi köhnə həllər hələ də yalnız iki siqnal göndərir. ad_user_dataad_personalization yoxdursa həll köhnəlmişdir.

Advanced rejimi dəstəkləyirmi. Bəzi həllər yalnız Basic rejimdə işləyir, yəni razılıq verilməyəndə heç bir siqnal göndərmir.

Razılıq qeydini saxlayırmı. Kimin nə vaxt nəyə razılıq verdiyi qeyd olunmalıdır. Tənzimləyici sual verəndə lazım olan budur.

Sadə saytlarda banner-i özünüz də qura bilərsiniz. Mürəkkəb hallarda hazır həll vaxt qazandırır, amma qurulumu yenə də yoxlanmalıdır: quraşdırmaq işləmək demək deyil.

Qurulumu necə yoxlayırsınız

GTM Preview rejimində "Consent" tabı. Hər teqin yanında razılıq statusu görünür. Banner-də imtina edin və teqlərin "blocked" olduğunu təsdiqləyin.

Brauzerin Network bölməsi. İmtina etdikdən sonra səhifəni yeniləyin. google-analytics.com/g/collect sorğusu getməlidir, amma içində gcs parametri G100 (razılıq yoxdur) olmalıdır. Sorğu ümumiyyətlə getmirsə Advanced rejim qurulmayıb.

Google Ads-də diaqnostika. "Goals", sonra "Conversions", sonra "Diagnostics" bölməsində Consent Mode statusu göstərilir. "Consent mode not detected" yazısı görürsünüzsə siqnal Ads-ə çatmır.

Ən çox rast gəlinən beş səhv

Default consent kodu GTM-dən sonra qoyulub. Teqlər statusu bilmədən işə düşür. Kodun səhifədəki yeri kritikdir.

wait_for_update yazılmayıb. Teqlər banner cavabını gözləmədən işə düşür və razılıq verən istifadəçi də denied kimi qeyd olunur.

Yalnız v1 siqnalları göndərilir. ad_user_dataad_personalization yoxdursa remarketinq kitlələri dolmur.

Üçüncü tərəf teqlərinə razılıq şərti qoyulmayıb. Meta Pixel, HubSpot, istilik xəritəsi alətləri imtina edən istifadəçidə də işləyir.

Rədd düyməsi işləmir. Banner bağlanır, skriptlər isə yüklənməyə davam edir. Bunu yoxlamaq üçün kod oxumaq lazım deyil, Network bölməsinə baxmaq kifayətdir.

Nə etməli

  1. Advanced rejimi seçin. Basic rejim modelləşdirməni demək olar ki, işlətmir.
  2. Default consent kodunu GTM-dən əvvəl, səhifədə ilk skript kimi qoyun.
  3. Dörd siqnalın hamısını göndərin, ikisini deyil.
  4. wait_for_update dəyərini əlavə edin.
  5. Üçüncü tərəf teqlərinə əl ilə razılıq şərti qoyun.
  6. Banner-də iki düyməni eyni çəkidə saxlayın.
  7. İmtina edib Network bölməsində skriptlərin dayandığını təsdiqləyin.

Yeddinci addım olmadan qalan altısı yalnız niyyətdir.

Pulsuz audit

Qurulumunuzu 48 saat ərzində yoxlayaq.

Hesaba giriş tələb olunmur. Sayt ünvanı və qısa məlumat kifayətdir, qalanını biz yoxlayırıq.

  1. 01AuditMövcud qurulum 12 maddə üzrə yoxlanır.
  2. 02Audit hesabatı12 maddəlik yoxlamanın nəticəsi: nə işləyir, nə işləmir, hansı sıra ilə düzəldilməli.
  3. 03Söhbət30 dəqiqəlik zəng, sual-cavab. Öhdəlik yoxdur.
  4. 04Qərarİşləmək istəsəniz plan çıxarırıq. İstəməsəniz audit hesabatı sizdə qalır.
  • 12 maddəlik yoxlama
  • 48 saat ərzində
  • Öhdəlik yoxdur

Audit tələbi

Göndərməklə məxfilik siyasətini qəbul etmiş olursunuz. Hesab girişi bu mərhələdə tələb olunmur.